ADU-da Çin Mərkəzi və "Açıq kitabxana" açılmışdır

 

İyunun 12-də Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və  "Açıq kitabxana"nın açılış mərasimi keçirilmişdir. Açılışda müxtəlif dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri iştirak etmişlər.

 

Tədbir qədim Çinin milli ənənəsi olan, şər qüvvələri ram edən, xeyirli işlərə yaxınlaşdıran Əjdahanın rəqsi ilə açıq elan olundu.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək  bu gün ADU-da "Açıq kitabxana"nın və Çin Mərkəzinin açılış mərasiminin qeyd olunduğunu bildirdi. O vurğuladı ki, bu, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq məhz ADU-nun təşəbbüsü ilə baş tutmuşdur. Hazırda mindən çox kitab açıq şəkildə həm universitet tələbələrinin, həm də ümumilikdə maraqlananların ixtiyarındadır.

Çin Mərkəzi haqda danışan professor Səməd Seyidov dünyanın 15-ə yaxın ölkəsinin mədəniyyətini və tarixini əks etdirən mərkəzlərin ADU-nun təhsil sisteminin ayrılmaz bir hissəsi olaraq inkişaf etdiyini söylədi. Rektor Səməd Seyidov bu gün açılan Çin Mərkəzinin, o cümlədən ADU-da fəaliyyət göstərən digər mərkəzlərin universitet tələbə və müəllimləri ilə yanaşı, eyni zamanda ölkənin başqa universitetləri, ümumilikdə xarici dillərlə maraqlanan bütün insanlar üçün açıq olduğunu vurğuladı. Səməd Seyidov Azərbaycan və Çin Xalq Respublikası arasındakı geniş, dərin tarixə malik münasibətləri qeyd edərək Çin Mərkəzinin fəaliyyətinin bu istiqamətdə atılmış önəmli bir addım olduğunu nəzərə çatdırdı. Bildirildi ki, ADU-da fəaliyyət göstərən mərkəzlər yalnız dil öyrətməyə xidmət göstərmir, həmçinin ölkələrarası əlaqələrin inkişafına səbəb olur. ADU-nun nümayəndə heyətinin ÇXR-nın Siçuan Universitetində əməkdaşlığa dair müqavilələr imzaladığı və qarşılıqlı müəllim-tələbə mübadilələri əsasında əlaqələrin əsasının qoyulduğu diqqətə çatdırıldı.

Sonra simvolik qırmızı lent kəsildi və qonaqlar mərkəzlə yaxından tanış oldular.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsui çıxış edərək Azərbaycan və Çin arasındakı diplomatik əlaqələrin, dostluq münasibətlərinin inkişaf etməkdə olduğunu söylədi. O, Çin Mərkəzinin açılışının və sonrakı fəaliyyətinin inkişaf etməkdə olan əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını və bundan sonra da oynayacağını bildirdi.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılması ilə tələbələrin Çin dili və mədəniyyətini mənimsəyəcəklərini bildirdi. O vurğuladı ki, bu təkcə tədris mərkəzi deyil, eyni zamanda Çin-Azərbaycan dostluğunun əhəmiyyətli bir köşkünə çevriləcək. Əli Əhmədov dedi ki, Çin və Azərbaycan dövlətləri arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox səmərəli əməkdaşlıq mövcuddur və belə bir mərkəzin yaradılması eyni zamanda dövlətlərarası münasibətlərin inkişafına da öz töhfəsini verəcək. Çinin dünyaya verdiyi töhfələrdən danışan Əli Əhmədov hələ XII əsrdə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında müəllifin Çin gözəlini tərənnüm etdiyini də xatırlatdı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, professor Ziyad Səmədzadə Çinə səfərlərindən bəhs etdi və səfərlərdən olan təəssüratlarını 50-yə yaxın elmi məqalədə    4  kitabda  cəm  etdiyini  vurğuladı. O, Çinin iqtisadi baxımdan dünyaya verdiyi  töhfələrdən  söz  açdı. Ziyad Səmədzadə Azərbaycan və rus dillərində nəşr  olunmuş  "Çin  qlobal  dünya iqtisadiyyatında" adlı kitabını  yenicə açılan Çin Mərkəzinə hədiyyə etdi.

Daha sonra çıxış edən ÇXR-nın Siçuan Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev də öz növbəsində ADU-da Çin Mərkəzinin açılışının ölkələrarası əlaqələrin inkişafında oynayacağı böyük rolundan danışdı. Asəf Hacıyev ADU-nun yüksək təhsillə bağlı gözəl ideyaların irəli sürüldüyü ali təhsil ocağı olduğunu dilə gətirdi.

Sülh mədəniyyəti İnstitutunun rektoru, "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının prezidenti Engel Taqirov mədəniyyətlərin kəsişdiyi təhsil məkanında olmaqdan məmnun olduğunu söylədi. O, rektor Səməd Seyidovun "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçilməsini bildirdi və akademik diplomu ona təqdim etdi.

Çin Mərkəzinin müdiri Rafiq Abbasov isə mərkəzin strukturu, fəaliyyəti, gələcək planlarından danışdı. O, çıxışında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Çin münasibətlərinin bugünkü dövrümüzdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən, Çinlə yaradılan uğurlu diplomatik əlaqələrdən söz açdı.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərindən görüntülər təqdim olundu. Daha sonra ADU-nun Çin Mərkəzinin fəaliyyətini, bu günə kimi gördüyü işləri əks etdirən fotoşəkillər nümayiş olundu. Tədbirdə milli Çin mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifasında kliplər göstərildi. ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çinin milli mahnısını ifa etdilər.

 

ADU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2013.- 14 iyun.-S.2.